Daşkənd azərbaycanlıları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verən RAMMM sədri Firdovsi Hüseynov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət törədib. Dinc sakinlərə, o cümlədən qadınlara, qocalara, uşaqlara, hətta körpələrə belə aman verilməyib. Erməni faşizmini ifşa edən bu qətliamın heç bir zaman unudulmayacağı nəzərə çatdırılıb.
Sonra Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat oxunub. Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.