Kostanay vilayətində Xocalı soyqırımı qurbanları yad edilib
Qazaxıstanın Kostanay vilayətində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Kostanay Vilayəti Azərbaycanlıları İctimai Birliyinin sədri Rəfail Hacıbalayev açıb. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin sədr müavini Dursun Məmmədov, idarə heyətinin üzvləri Azad Hümbətov, Allahverdi Abdullayev, Əzim Tağıyev və başqaları çıxış edərək bildiriblər ki, Ermənistan silahlı birləşmələrinin XX əsrin sonlarında və bütün dünyanın gözü qarşısında törətdiyi Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soydaşlarımız dünya birliyindən təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımına ədalətlə yanaşmağı, belə faciələrin bir daha təkrarlanması naminə erməni faşistlərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Qeyd edilib ki, xalqımız, dünya azərbaycanlıları və türk dünyası Xocalı soyqırımını və başımıza gətirilən digər müsibətləri heç vaxt unutmayacaqlar və unutdurmayacaqlar.
Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən anım guşəsi təşkil edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.