...

Bişkekdə anım tədbiri təşkil edilib

02.03.2022

Bişkek şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin (MKS) baş ofisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə baş tutan tədbirdə Bişkekdəki ali məktəblərin tələbələri, Azərbaycan diasporunun fəalları və kitabxananın oxucuları iştirak ediblər.

TDSDF-nin prezidenti Nüsrət Məmmədov və MKS-in direktoru Gülsayra Dandıbayeva çıxış edərək, Ermənistan silahlı birləşmələrinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı soyqırımı haqqında məlumat veriblər. Bildirilib ki, tarixin məhkəməsi qaçılmaz olduğundan bu vəhşiliklər cavabsız qalmayacaq.

Sonra tədbir iştirakçılarına Vahid Mustafayev Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilərək dublyaj olunmuş “Xoca” filmi təqdim edilib. Film göz yaşları ilə izlənib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.