...

Türkiyənin fransızdilli saytlarında Xocalı soyqırımından bəhs edilib

02.03.2022

Türkiyənin https://www.aa.com.tr və https://www.turquie-news.com xəbər saytlarının fransız dilindəki versiyasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqalələr yerləşdirilib.

Yumit Denmezin qələmə aldığı “Xocalı qətliamı: Azərbaycan xalqının səssiz iztirabları” sərlövhəli məqalədə Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, təxminən otuz il ərzində Azərbaycan ərazisinin beşdə birini işğal edən Ermənistanın nəzarəti altında olan torpaqlarda minilliklərə aid olan Azərbaycan, türk və müsəlman mədəni irsinin, demək olar ki, hamısını məhv edib, 750 min azərbaycanlını Qarabağdan və işğal olunmuş digər yeddi rayondan didərgin salıb. Erməni diasporunun millətçi şəbəkələrinin ortalığa nifrət püskürdərək, nəyin bahasına olursa-olsun, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin mülayimləşməsinə gətirə biləcək mümkün dialoqunu sabotaj etmək istədiyi vurğulanıb.

Məqalədə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevin Xocalı soyqırımının rəsmən tanınması ilə bağlı Prezident Emmanuel Makrona tvitter vasitəsilə müraciətinə yer verilib.

“Rəmzə çevrilən qətliam” sərlövhəli məqalədə Ermənistan silahlı birləşmələrinin bir gecədə Xocalıda əksəriyyəti uşaq, qadın və qoca olan 613 dinc sakini qətlə yetirdiyinə diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, tarixdə minlərlə müharibə qurbanları olub, lakin Xocalı qətliamı nadir xüsusiyyətli rəmzə çevrildi. Erməni cəlladlarının Xocalı qətliamını törətməklə Azərbaycan cəmiyyətini parçalamaq planlarının alınmadığı, bu faciənin azərbaycanlıların birliyini, mütəşəkkilliyini, həmrəyliyini gücləndirən rəmz olduğu vurğulanıb.

Məqalələr Fransada fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Dərnəyinin prezidenti və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın təşəbbüsü ilə ərsəyə gəlib.

Məqalələri ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.aa.com.tr/fr/monde/massacre-de-khodjaly-la-sourde-souffrance-du-peuple-azerba%c3%afdjanais-opinion/2516216?s=08

https://www.turquie-news.com/un-massacre-devenu-un-symbole?utm_source=dlvr.it&utm_medium=facebook&s=08