...

Milanda “Xocalıdan portretlər” rəsm sərgisi açılıb

02.03.2022

İtaliyanın Milan şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Elay Məmmədovun “Xocalıdan portretlər” adlı fərdi rəsm sərgisi təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sərgi rəssam Piero Manzoninin qalereyasında keçirilib. Bu incəsənət ocağının seçilməsində məqsəd Milanın incəsənət mühitinə Xocalı soyqırımını tanıtmaq və portretlərin dramatikliyi ilə faciənin izlərini ziyarətçilərə nümayiş etdirmək olub.

Sərgidə tanınmış şəxslər, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Müasir mənzərə janrında dünya səviyyəli italiyalı rəssam Natale Adamiano, tanınmış portret ustası Omar Galliani, məşhur konseptual rəssam Antonio Paradiso da qonaqların arasında olublar.

Açılış mərasimində çıxış edən sənət tarixçisi Gabi Sgardi rəssamın üslubu haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edək ki, sərgi üçün rəsm əsərlərini məhz G.Sgardi seçib. Tədbir iştirakçılarına Azərbaycan incəsənəti haqqında da ətraflı məlumatlar verilib.

Sərgidə nümayiş etdirilən əsərlər Xocalı faciəsinin şahidi olmuş insanların xəyali portretləri kimi təsvir edilib.

“Xocalıdan portretlər” sərgisi martın 6-dək davam edəcək.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.