...

Giresunda Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edilib

02.03.2022

Türkiyənin Giresun şəhərində Xocalı qətliamının 30-cu ildönümü ilə bağlı panel keçirilib.

Giresun Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə “Can Akengin” Sənət Qalereyasında baş tutan tədbirə tanınmış şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri və soydaşlarımız qatılıblar.

Paneli giriş nitqi ilə açan Giresun Azərbaycanlıları Dərnəyinin sədri Elgün Məmmədov bildirib ki, Azərbaycan türkləri bu faciəni heç bir zaman unutmayacaqlar. Onun sözlərinə görə, Xocalıda dinc sakinləri diri-diri yandıran, uşaqları divara mismarlayan, dərisini soyan ermənilərin qardaş Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham etməsi yolverilməzdir.

Giresun Universitetinin professoru Dr. Betül Karagöz Yerdelenin moderatorluğu ilə aparılan paneldə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Bayburt Universitetinin müəllimi Dos. Dr. Ramin Sadık və Burdur Mehmet Akif Ersoy Universiteti müəllimi Dos. Dr. Esma Özdaşlı çıxış ediblər. Beynəlxalq ictimaiyyətin Xocalı qətliamına hüquqi qiymət verilməsi, bu soyqırımı törədən erməni cəlladlarının indiyədək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qətiyyətli addım atmaması hiddətlə qınanılıb.

Qarabağı 44 gündə geri alan Azərbaycanın döyüş meydanında şəhidlərimizin qisasını aldığı vurğulanıb. “Dünya gördü ki, Azərbaycanın güclü lideri var. Prezident İlham Əliyev ordunun gücünü nümayiş etdirdi və 44 gündə Qarabağı geri aldı. Türkiyənin qardaş Azərbaycana verdiyi siyasi, diplomatik və informasiya dəstəyini gördük. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün gəldiyimiz səviyyə çox önəmlidir”, - deyə H.Kılıç nəzərə çatdırıb.

Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.