...

Mexikodakı lisey şagirdlərinə Xocalı soyqırımı həqiqətləri barədə məlumat verilib

01.03.2022

Mexiko şəhərindəki “Centro Escolar Patria” liseyində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Meksikada yaşayan diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü ilə baş tutan konfransda öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarına Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə Azərbaycan tarixinə ən dəhşətli, faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı həqiqətləri faktlar, video və fotomateriallar əsasında gənclərin nəzərinə çatdırılıb.

Qeyd edilib ki, faciəni parlament səviyyəsində qətliam kimi tanıyan dövlətlərdən biri də Meksikadır.

Misli görünməmiş qəddarlıqla törədilmiş faciədən təsirlənən konfrans iştirakçıları şamlar yandıraraq Xocalıda şəhid olanların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.