...

Xocalı soyqırımının canlı şahidi soydaşlarımıza acı hekayəsini anladıb

01.03.2022

İsveçdə yaşayan soydaşlarımızın Xocalı soyqırımının canlı şahidi, bir gecədə bütün ailə üzvlərini itirmiş Almaz Səlimova ilə onlayn formatda görüşü keçirilib.

Azərbaycan Aydınlar Ocağı-Qobustan təşkilatının sədri, Stokholm Universitetinin dosenti Səadət Kəriminin təşkilatçılığı ilə baş tutan görüşdə İsveçdəki diaspor nümayəndələri və Azərbaycandan ictimai fəallar iştirak ediblər.

Soyuq fevral gecəsində yaşanan vahiməli faciə, Azərbaycanın Milli Qəhramanı olan şəhid qaynı Araz Səlimovun şücaəti barədə ürək ağrısı ilə danışan Almaz Səlimovanın acı hekayəsi tədbir iştirakçılarını kövrəldib. Tədbirdə çıxış edən Ülviyyə Nəcəfova, Səriyyə Ərdəbili, Ayda Amir Haşimi, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva bildiriblər ki, insanlığa zidd olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu yolla ədalətə nail olunması naminə bütün səylər birləşdirilməlidir.

Səadət Kərimi qeyd edib ki, canlı şahidin hadisələr haqqında ətraflı məlumat verməsi dünya ictimaiyyətinə, həmçinin beynalxalq məhkəməyə təqdim edilə biləcək əsaslı və mühüm materialdır, bu materialın xarici dillərə tərcümə edib yayılmasının zəruridir.

Proqramı ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/9B9M8psDZZQ

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.