...

Permdə Xocalı soyqırımı ilə bağlı anım tədbiri olub

01.03.2022

Rusiya Federasiyasının Perm diyarında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Perm şəhərindəki ictimai mərkəzdə baş tutan tədbirdə yerli ictimaiyyətin, çeçen, tatar, özbək, tacik icmalarının regional təşkilatlarının nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev və başqaları çıxış ediblər. Bildirilib ki, 30 il öncə törədilən Xocalı sıyqırımı təkcə Azərbaycan tarixinin deyil, həm də bəşəriyyət tarixinin ən dəhşətli səhifələrindən biridir. Diaspor fəalları Xocalı soyqırımı şahidlərinin xatirələrini bölüşüblər, xalqımızın şəhidlərin əziz xatirəsini dərin hüzn və böyük ehtiramla yad etdiyini vurğulayıblar.

Sonra Xocalı soyqırımına həsr olunmuş bədii film nümayiş etdirilib.

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi təşkil edilib. Səhər saat 9-dan başlayaraq sərgini ziyarət edən şəhər sakinləri Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, fotoların önünə güllər düzüblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.