...

Sidneydə Xocalı soyqırımı qurbanları anılıb

01.03.2022

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstraliya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, kütləvi informasiya vasitələrinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Cənubi Uelsin (NSW) 46-cı Baş naziri vəzifəsini icra edən Dominik Francis Perrottetin Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına müraciəti oxunub.

Tədbirdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oyta, ölkəmizin Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanov, Pakistanın Sidneydəki Baş konsulu Mohamməd Əşrəf, Ukraynanın Fəxri konsulu Duma Yaroslav, Avstraliya Turk Birliyinin rəhbəri Mehmet Evin, Guney Azərbaycan Demokratik Turk Birliyinin departament müdiri Sara Azərsun çıxış ediblər.

Bildirilib ki, Xocalı soyqırımı bəşəri cinayətdir və XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Xocalı soyqırımı qurbanlarının xatirəsini hər il dərin hüzn və kədərlə yad etdiyi, Bakıda minlərlə insanın küçələrə axışaraq “Ana harayı” abidəsinə doğru yürüş etdiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində şəhidlərin qanı yerdə qalmayıb, amma faciə xalqımızın yaddaşından heç zaman silinməyəcək. Cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinin, beynəlxalq ictimaiyyətin birləşərək bütün dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmasının vacib olduğu bir daha vurğulanıb.

Tədbirin sonunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş film nümayiş etdirilib.

Qeyd edək ki, tədbir barədə məlumat yerli KİV-lərdə dərc edilib.

Xatırladaq ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.