...

Belqradda Xocalı soyqırımı ilə bağlı anım konserti təşkil edilib

01.03.2022

Serbiyanın paytaxtı Belqrad şəhərindəki Milli Muzeydə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım konserti keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, diplomatik korpusun nümayəndələri, Belqrad Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, yerli KİV nümayəndələri, Serbiyada çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən ölkəmizin Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev və başqaları 30 il öncə törədilmiş Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Tarix boyu ermənilərin xalqımıza qarşı təcavüzkar, terrorçu, etnik təmizləmə siyasəti aparmasından bəhs edən səfir Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb. Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınması siyasətinin Ermənistan tərəfindən 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildiyi, cəbhə bölgəsindən xeyli aralıda yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərlərin mülki əhalisinin və mülki infrastrukturunun bombardman olunduğu nəzərə çatdırılıb.

Sonra dünya və Azərbaycan klassik musiqilərindən ibarət konsert proqramı təqdim edilib. Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.