...

Manisa şəhərində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

01.03.2022

Türkiyənin Manisa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fotosərgi nümayiş etdirilib.

Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı, Manisa Böyükşəhər Bələdiyyəsi, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADEF) Böyükşəhər Bələdiyyəsi Şəhər Şurası, Manisa Vətəndaş Mədəniyyətləri və Həmrəylik Dərnəyinin dəstəyi ilə baş tutan sərgidə yerli dövlət qurumlarının və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül və başqaları bildiriblər ki, 30 il öncə erməni fasistlərinin Xocalıda törətdikləri kütləvi qırğın Azərbaycanın və dünyanın ən ağır bəşəri faciələrindən biridir. Xalqımıza qarşı törədilən bu soyqırımı aktının baiskarlarının və icraçılarının indiyədək ədalət mühakiməsinə cəlb olunmaması yolverilməz hal kimi qiymətləndirilib. Azərbaycan xalqının və türk dünyasının bu cinayəti heç bir zaman unutmayacağı və unutdurmayacağı bir daha vurğulanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.