Estoniya paytaxtında Xocalı soyqırımı ilə bağlı anım konserti təşkil edilib
Tallin şəhərindəki Estoniya Musiqi və Teatr Akademiyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevin təşkilatçılığı ilə baş tutan tədbirdə Estoniyanın mədəniyyət naziri Tiyt Terik, ölkə parlamentinin deputatı, Estoniya-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Mixail Korb, Kristina rayonunun icra başcısı Janus Riibe, keçmiş xarici işlər naziri Kristina Ojuland, Universitetin rektoru İvari İlja, Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və Estoniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə şəhər sakinlərinə qarşı amansız soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.
Tədbirin bədii hissəsində tanınmış müsiqiçilər Andres Uibo (orqan), Natavan Quliyeva, Marii Liis Uibo (skripka), Nəriman Əmiraslanov (piano) çıxış ediblər. Onların ifasında Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş klassik musiqi əsərləri təqdim edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.