...

Sakaryada “Xocalı şəhidləri” abidəsi açılıb

01.03.2022

Türkiyənin Sakarya vilayətinin Serdivan qəsəbəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı şəhidləri” abidəsinin açılış mərasimi keçirilib.

Sakarya Böyükşəhər Bələdiyyəsi, Sakarya Universiteti, Sakarya Universiteti nəzdindəki Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik təşkilatının, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə keçirilən mərasimdə yerli ictimaiyyətin nümayəndələri, Azərbaycandan gələn qonaqlar, Sakaryada yaşayan soydaşlarımız və təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Sakarya Universiteti Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik təşkilatının rəhbəri Sahib Haşimov abidənin ucaldılmasına dəstək göstərdiklərinə görə Sakarya Böyükşəhər Bələdiyyəsinə və digər müvafiq qurumlara minnətdarlığını bildirib.

Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Sakarya Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Ziya Cevherli və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev mərasimdə çıxış ediblər. Natiqlər Azərbaycan və Türkiyə dövlət başçılarının, xalqlarımızın və türk dünyasının Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə həyata keçirdikləri fəaliyyətə diqqəti cəlb ediblər. Erməni cəlladlarının Xocalıda dinc sakinlərə qarşı törətdikləri bəşəri cinayətin unutdurulmasına yol verilməyəcəyini, Vətən müharibəsində qazandığı böyük Zəfərlə ölkəmizin ermənilərə tutarlı cavab verdiyini nəzərə çatdırıblar.

Tədbir abidənin açılması ilə başa çatlb.

Mərasimdən sonra Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrin Komitə sədrinin birinci müavini Valeh Haclyev və TADEF-in sədr müavini Pərviz Məmmədzadə ilə görüşü keçirilib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.