...

Nantdakı “Qarabağ” məktəbində Xocalı soyqırımı qurbanları yad edilib

01.03.2022

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbindəki növbəti dərsin mövzusu Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən tədbir zamanı şagirdlərə 30 il öncə Ermənistan silahlı qüvvələrinin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib. Qanlı qətliam zamanı uşaqlara, qadınlara və ahıllara aman verilmədiyi nəzərə çatdırılıb.

Sonra Xocalı soyqırımı həqiqətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.