...

Zalsburq Azərbaycan Evində “Onlar heç vaxt böyüməyəcək” kitabı təqdim edilib

01.03.2022

Avstriyanın Zalsburq şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovanın “Onlar heç vaxt böyüməyəcək” adlı kitabı təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Zalsburq Azərbaycan Evində baş tutan tədbirdə çıxış edən yazıçı bildirib ki, kitab Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlara ithaf edilib. Xocalıda baş verən dəhşətli gecə barədə acı xatirələrini bölüşən yazıçı “Onlar heç vaxt böyüməyəcək” kitab dəstini Azərbaycan Evinə və tədbir iştirakçılarına hədiyyə edib.

1960-cı ildə Xocalı şəhərində anadan olan Səriyyə Cəfərova Xocalı soyqırımında anasını və yaxın qohumlarını itirib. Kitab və məqalələri əsasən erməni faşistlərinin Qarabağda törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilib. “Onlar heç vaxt böyüməyəcək” kitabı müxtəlif dillərə tərcümə olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.