...

Xocalı soyqırımı qurbanları İzmirdə yad edilib

01.03.2022

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə öncə İzmir Bornova Bələdiyyəsi Yeşilova məhəlləsində yerləşən “Azərbaycan Dostluq Parkı”nda “Xocalı Şəhidləri Abidəsi” ziyarət edilib.

Tədbirdə Bornova Bələdiyyəsinin rəhbəri Mustafa İduğ, Bornova kaymakamı Fatih Genel, Manisa Azerbaycan Kültür Evinin keçmiş sədri Yalçın Taşdemir,siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri və yerli sakinlər iştirak edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dini ayinlər icra edilib.

“Altındağ Atatürk Kültür Mərkəzi”ndə davam edən anım tədbirində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini, İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin rəhbəri Əşrəf Tuna və araşdırmacı jurnalist Nigar Ögeday çıxış ediblər. Bildirilib ki, 30 il öncə erməni façistlərinin Xocalıda törətdikləri kütləvi qırğın Azərbaycanın və dünyanın ən ağır bəşəri faciələrindən biridir. Xalqımıza qarşı törədilən bu cinayət aktlarının baiskarlarının və icraçılarının indiyədək ədalət mühakiməsinə cəlb olunmaması yolverilməz hal kimi qiymətləndirilib. Azərbaycan və Türkiyə arasındaki qardaşlıq münasibətlərinin ölkələrimizin təhlükəsizliyi baxımından misilsiz amil olduğu vurğulanıb.

Sonra Xocalı soyqırımı həqiqətlərini əks etdirən sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.