...

Bazeldə “Biz unutmadıq” adlı tədbir keçirilib

01.03.2022

İsveçrənin Bazel şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “Biz unutmadıq” adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə “Schmiedenhof Zunftsaal” zalında baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birliyin üzvləri Ramilə Mehdiyeva və Markus Bodmer alman dilində Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Sonra litvalı rejissor Andreas Brokasın və jurnalist Riçard Lapaitisin ərsəyə gətirdikləri “Sonsuz dəhliz” adlı sənədli film nümayiş edilib. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.

Tədbir iştirakçıları filmi dəhşət və hiddət hissi ilə izləyiblər. Filmə baxışdan sonra onlar Xocalı soyqırımını törədənlərin cinayət əməllərinə görə cavab verməsinin, dunya ictimaiyyətinin bu cinayətə ədalətlə yanaşmasının vacib olduğunu bildiriblər.

Tədbirin bədii hissəsində isvecrəli musiqiçi Cyrill Rütimann və Bazeldə yaşayan azərbaycanlı pianoçu Rauf Məmmədovun ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqrami təqdim edilib.

Tədbirin sonunda qonaqlara yazıçı-publisist Günel Anarqızının "Qarabağ hekayələri" adlı kitabı hədiyyə olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.