...

Kölndə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

01.03.2022

Almaniyanın Köln şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən tanınmış yazıçı-publisist Orxan Aras və başqaları bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin Xocalıda dəhşətli soyqırımı törətməsi xalqımıza qarşı uzun illər həyata keçirilən etnik təmizləmə və təcavüzkar siyasətin tərkib hissəsidir. Azərbaycan xalqının heç bir vaxt Xocalı faciəsini unutmayacağı, beynəlxalq ictimaiyyətdən Xocalıya ədalətlə yanaşmağı və cinayəti törədənlərin öz layiqli cəzalarını alması istiqamətində qətiyyətli addımların atılmasını tələb etdiyi vurğulanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.