Cenevrədə “Ədalət, sülh və inkişaf axtarışında” adlı tədbir təşkil edilib
İsveçrənin Cenevrə şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Ədalət, sülh və inkişaf axtarışında” adlı anım tədbiri keçirilib.
Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan diasporunun iştirakı ilə baş tutan tədbirdə diplomatlar, yerli ictimaiyyətin və icmamızın nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov, Cenevrədə yaşayan diaspor nümayəndələri Mariya Xan-Xoyskaya və Nərgiz Ocaqverdiyeva çıxış ediblər. Tədbir iştirakçılarına Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Bu cinayətə görə məsuliyyətin Ermənistanın həmin dövrdəki hakimiyyətinin üzərinə düşdüyü, xalqımızın dünya birliyindən ədalət tələb etdiyi nəzərə çatdırılıb. Ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsinə son qoyduğu vurğulanıb. Münaqişədən sonrakı dövrdə regionda dayanıqlı sülhün əldə olunması istiqamətində atılan addımlardan, azad olunmuş torpaqlarda aparılan təmir-bərpa işləri istiqamətində qarşılaşdığımız çətinliklərdən və erməni vandallarının məhv etdikləri tarixi-mədəni irsdən danışılıb.
Daimi nümayəndəliyin əməkdaşı Nərmin Hüseynovanın təqdimatında ölkəmizin azad olunmuş ərazilərində aparılan təmir-bərpa işlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Gənc diaspor fəalı Alsu Aktoprak isə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeir söyləyib.
Tədbir Fransada yaşayan həmyerlimiz, məşhur pianoçu Adilə Əliyevanın çıxışı ilə yekunlaşıb. O, Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş konsert proqramını təqdim edib.