...

Barselonada anım konserti təqdim edilib

01.03.2022

İspaniyanın Barselona şəhərindəki Kataloniya Musiqi Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ölkəmizin İspaniyadakı səfirliyinin iştirakı, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra 30 il öncə dinc azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş sənədli film nümayiş edlib.

Tədbirdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov çıxış ediblər.

XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verən natiqlər Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin bu qətliama görə məsuliyyət daşıdığını vurğulayıblar. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyi, Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü fəaliyyət apardığı, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başladığı nəzərə çatdırılıb. Qeyd edilib ki, kampaniyanın əsas məqsədi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bu faciənin soyqırım aktı kimi tanınmasına nail olmaqdır. Hazırda 17 ölkənin, ABŞ-ın 24 ştatının, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş vəhşiliklərin “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər” olması qənaətinə gəldiyi bildirilib.

Natiqlər 30 ilə yaxın işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycanın bütün terror aktlarını, təcavüz siyasətini qəti şəkildə pislədiyini söyləyiblər. Onlar beynəlxalq ictimaiyyəti belə mənfur əməllərə qarşı birlikdə mübarizə aparmağa, dünyada sülhün bərqərar olunması naminə səyləri artırmağa və həmrəylik nümayiş etdirməyə çağırıblar.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edən tədbirdə pianoçu, bəstəkar, Azərbaycanın əməkdar artisti Turan Manafzadə və Kataloniya orkestri çıxış edib. Musiqiçilərin ifasında Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.

Tədbir çərçivəsində Xocalı soyqrımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.