...

İstanbulda Xocalı aksiyası təşkil edilib

28.02.2022

İstanbul şəhərindəki Bəyazit meydanında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə baş tutan aksiyaya Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri, Hüseyn Cavid adına orta məktəbin müəllim və şagirdləri qatılıblar.

Mərasimdə çıxış edənlər Xocalı soyqırımını dünya tarixinin utanc səhifəsi adlandırıb, beynəlxalq hüquq norma və prinsiplərinin kobudcasına pozulması və bəşəri cinayət kimi qiymətləndiriblər. Aksiyaçılar dünya birliyindən Xocalıya ədalətlə yanaşmağı, bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımların atılmasını tələb ediblər.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.