...

Birləşmiş Krallıqda Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

28.02.2022

Birləşmiş Krallığın London, Mançester, Birmingem və Qlazqo şəhərlərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”un təşkilatçılığı ilə Xocalı soyqırımına dair məlumatların, şüarların və təsvirlərin əks olunduğu LED ekranlı kiçik yük maşınları London, Mançester, Birminqem və Qlazqo şəhərlərinin mərkəzi küçələrində bir gün ərzində hərəkət edib.

Məqsəd yerli sakinlərin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırıma cəlb etmək olub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.