Norveç kilsəsində Xocalı soyqırımına ithaf olunmuş konsert olub
Norveçin Norheymsund kilsəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım konserti keçirilib.
Konsertdə bu ölkədə yaşayan soydaşlarımız Jalə Əliyeva (violonçel), Sevinc Əsgərova-Ovrexus (fortepiano, orqan) və Maya Bədəlbəyli (fortepiano) çıxış ediblər.
Azərbaycanlı bəstəkar Kəmalə Əlizadənin bəstələdiyi “Xocalı üçün vokaliz” (Vokaliz for Khojaly) kompozisiyasını Jalə Əliyeva (violonçel) və Sevinc Əsgərova-Ovrexus (fortepiano, orqan) ifa ediblər. Bundan başqa, konsertdə Azərbaycan və dünya bəstəkarlarından Fikrət Əmirov, Qara Qarayev, İlham Abdullayev, Nazim Əliverdibəyov, Sergey Raxmaninov və başqalarının əsərlərindən ibarət repertuar təqdim edilib.
Qeyd edək ki, “Xocalı üçün vokaliz” əsəri bu il Romanın “Centro Congressi” zalında keçirilən anım tədbirində də səsləndirilib. Əsəri italiyalı müsiqiçilər Pyerluici Destra (violonçel) və Lusiano Di Candomeniko (fortepiano) ifa ediblər.
Bəstəkar Kəmalə Əlizadə bildirib ki, Xocalı soyqırımı baş verdikdən dərhal sonra - 13 yaşında bəstələdiyi bu kompozisiyanı xaricdəki bütün konsert proqramlarına daxil edir. Çünki müsiqi vasitəsilə Xocalı soyqırımı həqiqətlərini tamaşaçılara çatdırmaq istəyir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.