...

İğdır ictimaiyyəti Xocalı soyqırımının unudulmayacağını bəyan edib

28.02.2022

İğdır şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə İğdır Cümhuriyyət baş prokuroru Serkan Başaran, Jandarma alay komandanı Nejdet Karaca, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, İğdır polis rəisi Oğuzhan Yonca, Ədalət və İnkişaf Partiyasının İğdır vilayət təşkilatının sədri Ali Kemal Ayaz, Aralıq rayon bələdiyyəsinin sədri Mustafa Güzelkaya və bölgə ictimaiyyətinin tanınmış şəxsləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirildiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı həqiqətlərindən bəhs edən film nümayiş olunub.

Yelda Türkelin moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir və başqaları çıxış ediblər. Erməni vandalizminin tarixindən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan keçmiş Qarabağ münaqişəsinin acı nəticələrindən, Azərbaycanın Vətən savaşında qazandığı böyük Zəfərdən və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışan natiqlər nəzərə çatdırıblar ki, Xocalı soyqırımı erməni barbarlarının xalqlarımıza qarşı törətdiyi ən ağır cinayətlər sırasındadır.

Tədbir Xocalı soyqırımına həsr olunmuş şeirlərin oxunması və gənclərin “Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq”, “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.