Klaypeda şəhərində Xocalı soyqırımı qurbanları yad edilib
Litvanın Klaypeda şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azəris” diaspor təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhər mədəniyyət mərkəzində baş tutan tədbirdə Azərbaycan, tatar, alman, Ukrayna, Latviya, Belarus icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar arasında tanınmış hərbi jurnalist Riçard Lapaitis də olub.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə “Azəris” diaspor təşkilatının sədri Əliağa Məmmədov və başqaları çıxış ediblər. Bildirilib ki, xalqımız heç bir zaman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı unutmayacaq və unutdurmayacaq.
Sonra litvalı rejissor Andreas Brokasın və jurnalist Riçard Lapaitisin ərsəyə gətirdikləri “Sonsuz dəhliz” adlı sənədli film nümayiş etdirilib. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.
Tədbir çərçivəsində Xocalı soyqırımı qurbanlarına həsr edilmiş anım guşəsi təşkil olunub.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.