Misirli tədqiqatçı İƏT-ə üzv ölkələri Xocalı soyqırımının tanınması ilə bağlı hərəkətə keçməyə çağırıb
Asiya və Yaxın Şərq üzrə tədqiqatçı Əhməd Əbdo Tərabik İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlərini Xocalı soyqırımı məsələsində daha təkidli davranış sərgiləməyə dəvət edib.
“Qarabağ: Qafqazda sülhə aparan yol” və “Dəmir yumruq - 2020-ci ilin Qarabağ müharibəsi” adlı kitabların müəllifi Əhməd Əbdo Tərabik bildirib ki, belə davranış Xocalı faciəsinin dünya səviyyəsində soyqırımı kimi tanınması və bu ağır cinayətin təqsirkarlarının Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməsi məsələsində böyük əhəmiyyət kəsb edir.
“Təəssüf ki, beynəlxalq ictimaiyyətin bu faciəyə münasibəti hələ də ikili standartlar çərçivəsindən kənara çıxmır. Bəzi qaynar nöqtələrdə baş verən qırğınlarla bağlı səslərini ucaldan siyasi güclər Xocalıya münasibətdə susur və mülki əhaliyə qarşı törədilmiş qanlı faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə tədbir görmürlər. Ermənilərin Xocalıda amansızcasına qətlə yetirdikləri 613 azərbaycanlı, o cümlədən uşaq, qadın və ahıl insanların qanı yerdə qalmamalıdır”, - deyə tədqiqatçı əlavə edib.
O, nəzərə çatdırıb ki, Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra Azərbaycanın İslam dünyasında nüfuzu daha da artıb, əvvəllər erməni işğalı və Xocalı soyqırımı barədə həqiqətlərdən siyasi və ya iqtisadi mülahizələrə görə danışmağa tərəddüd edən bəzi müsəlman dövlətləri arasında da bu məsələlərə dair müəyyən konsensus mövcuddur: “Bu yeni reallıqdır və Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. İndi İslam ölkələrində də aydın başa düşürlər ki, Ermənistan və onun havadarları qüdrətli Azərbaycan dövləti və ordusu qarşısında acizdirlər. Belə olan şəraitdə düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hamısının qanunverici orqanları Xocalı soyqırımının tanınması ilə bağlı hərəkətə keçməlidir”.
Tədqiqatçı ölkəmizin Misirdəki dostlarının Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla andığını, bəşəriyyətə qarşı törədilmiş bu cinayətin təqsirkarlarının cəzalandırılmasını tələb etdiyini xüsusilə vurğulayıb.