...

Tel-Əvivdə “Xocalıya ədalət!” adlı tədbir təşkil edilib

28.02.2022

İsrailin Tel-Əviv şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin, “İsraildə Azərbaycan Evi”nin və “İRS” beynəlxalq jurnalının təşkilatçılığı ilə baş tutan tədbirdə Knessetin deputatı, “İsrail-Azərbaycan parlamentlərarası qrupun sədri Elina Bardaç-Yalova, bu qrupun üzvləri, Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailov, yerli hakimiyyətin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

İsrail və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, tanınmış ekspert Arye Qutun moderatorluğu ilə aparılan tədbirdə çıxış edənlər 30 il öncə Ermənistanın silahlı birləşmələrinin və terrorçularının Azərbaycan şəhəri olan Xocalıda dinc əhaliyə qarşı törətdiyi qətliamı xalqımızın yaddaşında əbədi həkk olan dözülməz faciə adlandırıblar.

“Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 ahıl yaşlı şəxsin olduğu 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 56 mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin cəsədləri təhqir edilib. Ən dəhşətlisi odur ki, bütün bu vəhşilikləri törədənlər hələ də cəzalandırılmayıb, onlardan bir çoxu Ermənistanda “Qarabağ müharibəsi qəhrəmanı” kimi tanınır və son illərədək hətta yüksək vəzifələr tuturdular”, deyə A.Qut nəzərə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası istiqamətində apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasında, qəsbkarların əsl simasının ifşa edilməsində önəmli rol oynayıb.

Xocalı soyqırımı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq birliyin bu faciəyə hüquqi-siyasi qiymət verməsi, Xocalı cəlladlarının cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmasının zəruri olduğu vurğulanıb.

Tədbir şərçivəsində Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotosərgi təşkil edilib və “İRS” jurnalının Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş buraxılışı ivrit dilində təqdim olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.