...

Praqada Xocalı və Liditse soyqırımlarını anım konserti təşkil edilib

28.02.2022

Praqa şəhərindəki müqəddəs Salvador kilsəsində Xocalı və Liditse soyqırımları qurbanlarına həsr olunmuş anım konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Natəvan” cəmiyyətinin üzvləri Leyla Begim və Fərid Əliyevin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov, yerli ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan azərbaycanlı şairə Leyla Bəgim və çex aktyoru Kriştof Nohinek bildiriblər ki, Xocalı və Liditse soyqırımları kimi dəhşətli cinayətlərin təkrarlanmaması üçün onları unutmamaq lazımdır. Hər iki qətliam haqqında ətraflı məlumat verdikdən sonra K.Nohinek xalq şairi, Nobel mükafatçısı Yaroslav Seyfertin və Leyla Begimin şeirlərini oxuyub.

Konsertdə Kopenhagen şəhərində yaşayan həmyerlimiz Aliyə Mahmudzadə (orqan) və Çexiyanın Plzen Konservatoriyasının tələbəsi Canel Nəcəfli (skripka) çıxış ediblər. Onların ifasında Azərbaycan xalq müsiqisindən nümunələr, görkəmli bəstəkarlar Qara Qarayev, Asəf Zeynallı, Azad Əliyev, İohann Sebastian Bax, Con Uilyams və Frans Şubertin əsərləri səsləndirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.