İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanları yad edilib
Türkiyənin İzmir vilayətinin Karabağlar rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası və Karabağlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı abidəsinin önündə baş tutan tədbirdə yerli dövlət qurumlarının, siyasi partiyaların, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə sayğı duruşundan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra tədbir iştirakçıları Adil İçel ibtidai məktəbinin şagirdləri Ərən Kaya və Əmir Gümüşün ifasında “Xocalı soyqırımı” şeirini dinləyiblər.
Tədbirdə Karabağlar Bələdiyyəsinin sədri Muhittin Selvitop, Azərbaycan Türkləri ve Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı, Birləşmiş Dünya Azərbaycanlıları Dayanışma Təşkilatının, İzmir İğdırlılar Kültür ve Dayanışma Dərnəyinin sədri Gürsəl Özdəmir və başqaları çıxış edərək, Xocalı soyqırımını törədən erməni cəlladlarını hiddətlə pisləyiblər.
Bildirilib ki, 30 il keçməsinə baxmayaraq, 613 şəhidin acısı hələ də hiss edilir. “Xocalıda müdafiəsiz, əlində heç bir silahı olmayan 613 vətəndaşımız evlərində yatarkən, istirahət edərkən qətlə yetirildilər. Aralarında yaşlılar, cocuqlar vardı. Bu alçaqcasına törədilmiş qətliamı bir daha nifrətlə qınayırıq. Baş verənləri unutdurmamaq üçün bu anım tədbirlərini hər il keçirməyə davam edəcəyik”, - deyə M.Selvitop söyləyib.
Tədbir abidənin önünə güllərin düzülməsi və duaların oxunması ilə yekunlaşıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.