Oslodakı Azərbaycan məktəbində anım tədbiri təşkil edilib
Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki əlaqələndiricisi, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri Ramil Əliyevin təşkilatçılığı ilə baş tutan anım tədbirində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva bildirib ki, XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Qeyd edilib ki, 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verməməsi, Xocalı cəlladlarının indiyədək məsuliyyətə cəlb olunmaması yolverilməzdir. Çünki belə biganəlik cəzasızlıq sindromunu gücləndirir və gələcəkdə bənzər qətliamların təkrarlanmasına zəmin yaradır.
Sonra məktəb şagirdləri Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş şeirlər səsləndirib və rəsm əsərləri təqdim ediblər.