Haaqada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası olub
Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə Haaqanın mərkəzi küçəsində baş tutan aksiya zamanı “Xocalıya ədalət!” şüarı əks olunmuş poster nümayiş etdirilib, gənc fəallar yerli sakinlərə Xocalı soyqırımından bəhs edən məlumat vərəqələri paylayıblar.
Tədbir zamanı Niderlandda yaşayan tarzən Cavid Səlimov həzin Azərbaycan müsiqiləri ifa edib.
İki saat davam edən aksiyanın məqsədi 30 il öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırıma, xalqımızın dünya birliyindən “Xocalıya ədalət!” tələb etdiyinə Haaqa sakinlərinin diqqətini cəlb etməkdən ibarət olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.