Oklenddə Xocalı soyqırımının qurbanları anılıb
Yeni Zelandiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçiriblər.
“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Oklend şəhərində baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Biz xatırlayırıq!”, “Xocalı soyqırımı. 26 fevral 1992” sözlərinin yazıldığı qara köynəklər geyinən tədbir iştirakçıları qarşısında çıxış edən “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov bildirib ki, dövlətimiz və xalqımız Ermənistan silahlı birləşmələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı törətdiyi amansız soyqırımının unutdurulmasına yol verməyəcək. İndiyədək dünya birliyi səviyyəsində Xocalı faciəsinə siyasi və hüquqi qiymətin verilməməsi, bəşəri cinayət törətmiş erməni cəlladlarının ədalət mühakiməsinə cəlb olunmaması qəbuledilməz hal kimi qiymətləndirilib.
Soydaşlarımız bildiriblər ki, dünya birliyindən Xocalıya ədalətlə yanaşılması istiqamətində qətiyyətli addımlar atılmasını gözləyirlər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.