...

Mərmərə Universitetində “Xocalıya ədalət!” adlı konfrans təşkil olunub

27.02.2022

Türkiyənin İstanbul şəhərindəki Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ Azərbaycandır Koordinə Etmə Dərnəyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, elm xadimləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri, 150 nəfərdən çox azərbaycanlı və türkiyəli gənc, o cümlədən Türkiyədə müalicə alan Vətən müharibəsi qaziləri iştirak ediblər.

Qonaqlar arasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimov, professor Ələddin Yalçınkaya və başqaları da olub.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla törətdiyi soyqırımını Azərbaycanın müasir tarixində baş vermiş ən qanlı cinayət kimi qiymətləndiriblər. Erməni faşistlərinin xalqımıza qarşı törətdikləri bütün ağır cinayətlərə Azərbaycan dövlətinin Vətən müharibəsi dönəmində böyük Zəfər qazanmaqla, ərazi bütövlüyümüzü bərpa etməklə cavab verdiyi vurğulanıb.

Dünyanın gözü qarşısında baş vermiş bəşəri cinayətə indiyədək beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsi, faşist xislətli erməni cəlladlarının ədalət mühakiməsinə cəlb olunmaması qəbuledilməz hal adlandırılıb.

Konfrans iştirakçıları dünya birliyini bu faciəyə ədalətlə yanaşmağa, Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi, bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.