Stokholmda Azərbaycan icması ilə görüş keçirilib
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Stokholmda Azərbaycan icması ilə görüş keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitısinin sədri Fuad Muradov, ölkəmizin İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Stokholm və digər şəhərlərdə yaşayan azərbaycanlılar və türk diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan səfir Zaur Əhmədov müasir Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı, Ermənistan silahlı birləşmələrinin törətdiyi kütləvi qırğına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə ətraflı danışıb.
İndiyədək Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində DİDK-nın və diaspor təşkilatlarının gerçəkləşdirdiyi layihələrə və gördüyü işlərə diqqəti cəlb edən Komitə sədri bildirib ki, bu il DİDK-nın dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Sonra DİDK-nın 2021-ci il üzrə fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə videohesabat təqdim edilib.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi İradə Əliyeva-Söderberg Azərbaycan icmasının mütəşəkkil fəaliyyətinə nail olunması istiqamətində əldə olunan uğurları sadalayıb, pandemiya məhdudiyyətlərinin istənilə sahəyə, o cümlədən diaspor sahəsinə mənfi təsirindən söz açıb, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası məsələsində irəliləyişlərin olduğunu nəzərə çatdırıb.
Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.