...

İğdırdakı anım tədbirində “Xocalıya ədalət!” tələb edilib

26.02.2022

Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və “İğdır Azərbaycan Evi” Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra gənclər “Xocalıya ədalət!” şüarını səsləndiriblər.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədrinin müavini Sərdar Ünsal, vəkil Məsud Özdəmir bildiriblər ki, hər məqamda türk düşmənçiliyi nümayiş etdirən erməni təcavüzkarları və terrorçuları dünyanın gözü qarşısında Xocalı soyqırımını törədiblər, amma indiyədək cinayət məsuliyyətinə cəlb edilməyiblər.

“1915-1920-ci illərdə İğdırın Hakmehmet, Oba, Gedikli kəndlərində ermənilər tərəfindən qırğınlar törədilib. Onların nəvələri 1992-ci ildə Xocalıda və Dağlıq Qarabağda da eyni qətliam törədiblər. Biz Xocalı soyqırımını unutmadıq və hər fürsətdə anladacağıq“, - deyə S.Ünsal söyləyib.

Tədbir Xocalı soyqırımı mövzusunda rəsm, hekayə, kompozisiya müsabiqələrinin iştirakçılarına mükfatların təqdim olunması ilə yekunlaşıb. Qeyd edək ki, “İğdır Azərbaycan Evi” Dərnəyi 8 ildir bu müsabiqəni təşkil edir.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.