...

İtaliya mediasında Xocalı soyqırımından bəhs edilib

26.02.2022

İtaliyanın https://agenziastampa.net xəbər portalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndirici Fərid Abbasovun təşkilatçılığı ilə dərc olunan məqalədə bildirilib ki, 30 il öncə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib və məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə dinc sakinləri kütləvi şəkildə qətlə yetirib. Kütləvi qırğın zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin qətlə yetirildiyi, 76 nəfəri uşaq olmaqla 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürüldüyü nəzərə çatdırılıb. Bu dəhşətli qətliam beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması və insanlığa zidd hərbi cinayət kimi qiymətləndirilib.

Məqalədə amerikalı reportyor Tomas Qoltsun, britaniyalı yazıçı Anatoli Livenin, britaniyalı jurnalist Tomas de Vaalın Xocalı soyqırımı ilə bağlı fikirlərinə yer verilib, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın dinc azərbaycanlılara Xocalıda divan tutduqları barədə fikrinə diqqət cəlb edilib. Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını almasının vacib olduğu vurğulanıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://agenziastampa.net/2022/02/25/il-massacro-di-khojaly/