...

Tallində Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil edilib

26.02.2022

Tallin şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Məqkəzinin təşkilatşılığı ilə baş tutan sərgi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

Sərginin açılış mərasimində çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq, Xocalı şəhərini işğal etdiyi, məhz azərbaycanlı olduqlarına görə dinc və günahsız əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat veriblər. Xalqımızın bu soyqırımı unutmadığı və unutdurmayacağı vurğulanıb.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf edilmiş rəsm sərgisinə baxış olub. Sərgi martın 5-dək davam edəcək.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.