İstanbul Universitetində "Xocalı soyqırımı 30 il: Unutmadıq, unutdurmayacağıq!" movzusunda konfrans təşkil edilib
Türkiyənin İstanbul Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı 30 il: Unutmadıq, unutdurmayacağıq!" mövzusunda konfrans keçirilib.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İstanbul-Azərbaycan Dostluq Dərnəyi, Türk Dünyası Akademiklər Birliyi və Umay Ana Türk Dünyası Qadınlar Birliyinin (TDQB) təşkilatçılığı ilə baş tutan tədbirdən öncə Xocalı soyqırımının dəhşətlərini əks etdirən və erməni faşizmini ifşa edən fotosərgiyə baxış olub.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavin Valeh Hacıyev çıxış ediblər. Xocalı soyqırımını bəşəri cinayət və beynəlxalq hüquq normalarına həqarət kimi qiymətləndirən natiqlər bildiriblər ki, indiyədək bu faciəyə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməməsi, belə ağır cinayəti törədən erməni faşistlərinin ədalət mühakiməsinə cəlb edilməməsi yolverilməzdir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, bu fəaliyyətin müxtəlif kampaniyalar vasitəsilə geniş vüsət alması nəticəsində bir sıra dövlətlərin Xocalı faciəsini rəsmən tanıdığı nəzərə çatdırılıb. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu istiqamətdə aparılan fəaliyyətə bariz nümunə kimi göstərilib.
Multikultural dəyərlərə malik olan Azərbaycanın erməni vandallarının törətdikləri ağır cinayətlərə, o cümlədən Xocalı soyqırımına Vətən müharibəsi zamanı döyüş meydanında cavab verməklə yüksək əxlaq və mənəviyyat nümunəsi sərgilədiyini vurğulayan natiqlər bildiriblər ki, müasir dünyanın gözü qarşısında erməni cinayətkarlarının xalqlarımıza və ölkələrimizə qarşı məqsədyönlü və planlaşdırılmış şəkildə törətdikləri bütün cinayətlərin izi II Qarabağ savaşı zamanı işğaldan azad etdiyimiz ərazilərimizdə üzə çıxır.
Tədbir TDQB sədri, İstanbul Universitetinin tarix fakültəsinin professoru Mualla Uydu Yücelin moderatorluq etdiyi panel iclası ilə davam edib. İclasda İstanbul Universitetinin professorları Belkis Ulusoy, Fethi Gedikli və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev məruzəçi qismində çıxış ediblər. Məruzəçilər Xocalı soyqırımının elmi, beynəlxlaq münasibətlər və beynəlxalq hüquqdakı yeri barədə iştirakçılara geniş məlumat veriblər.
Konfransdan sonra tədbir iştirakçıları İstanbul Universitetinin rektoru, professor Mahmut Akla görüşüb, qarşılıqlı fikir mübadiləsi aparıblar.