Xocalı soyqırımının qurbanları Monteneqroda mədrəsədə yad edilib
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Monteneqrodakı Mehmet Fatih Mədrəsəsində anım tədbiri keçirilib.
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Monteneqrodakı İslam icmasının rəhbəri, baş müfti Rifat Feyziç, Mərkəzin direktoru Seyran Mirzəzadə və Azərbaycanın Diplomatik Nümayəndəliyinin müşaviri Azad Hacıyev çıxış ediblər. Bildirilib ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiyini xalqımız heç bir zaman unutmayacaq və unutdurmayacaq. 1990-cı illərdə Balkanlardakı müharibələr zamanı da soyqırım hadisələrinin törədildiyini xatırladan natiqlər buradakı xalqların Azərbaycanın başına gətirilmiş faciələri daha həssaslıqla anladığını vurğulayıblar.
Ermənistanın işğal, etnik təmizləmə və terror siyasətinə məruz qalan Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etməyə nail olduğu, Xocalı soyqırımı ilə bağlı xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində Azərbaycan dövlətinin məqsədyönlü addımlar atdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası genişlənməkdədir. Hazırda bir sıra dövlətlərin və ABŞ-ın 24 ştatının Xocalı qətliamını soyqırım kimi tanıdığına, Azərbaycan dövlətinin Xocalı cəlladlarının cəzalandırılması məqsədilə siyasi və hüquqi addımlar atdığına diqqət cəlb edilib. Monteneqro ictimaiyyətinin bundan sonra da Azərbaycana hərtərəfli dəstək göstərəcəyi vurğulanıb.
Sonra Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş slaydlar nümayiş etdirilib və tədbir iştirakçıları Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirin sonunda Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin adından Ermənistanın Azərbaycana qarşı təcavüzündən və Xocalı soyqırımından bəhs edən kitablar və təbliğat materialları mədrəsinin kitabxanasına hədiyyə edilib.
Qeyd edək ki, digər aksiya Tuzi şəhərində təşkil edilib. Mehmet Fatih Mədrəsəsinin Tuzi şəhərindəki əsas binası “Xocalı soyqırımı – 30” sözü ilə işıqlandırılıb. Aksiya 26 fevral tarixinə qədər davam edəcək.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.