...

Roma və Milanın metro stansiyalarında Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilir

24.02.2022

Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar İtaliyanın Roma və Milan şəhərlərindəki metro stansiyalarında bu faciəni əks etdirən videoçarxın yayımlanmasına start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə baş tutan sosial aksiyanın İtaliyada keçirilməsi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, xalqımızın haqq səsinin yerli və dünya ictimaiyyətinə çatdırılması və bu faciənin beynəlxalq aləmdə tanıdılması məqsədinə xidmət edir.

Videoçarxda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyinə diqqət cəlb edilib.

“Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar”, - deyə Azərbaycan-İtaliya Birliyinin Fərid Abbasov vurğulayıb.