Çili saytında azərbaycanlı alimin Xocalı soyqırımı haqqında yazısı dərc olunub
Çilinin https://www.infogate.cl xəbər saytında Adolfo İbanez adına Universitetin professoru Şəhriyar Nəsirovun “İndiyədək ədalət gözləyən Xocalı soyqırımından 30 il ötür” sərlövhəli məqaləsi yayımlanıb.
Əslən Kəlbəcərdən olan, hazırda Çilidə yaşayan soydaşımızın qələmə aldığı məqalədə bildirilib ki, 30 il əvvəl dünya insanlığa qarşı ən qəddar və amansız cinayətlərdən birinə şahid oldu. “Bu, Cənubi Qafqazda baş verib və Xocalı soyqırımı kimi tanınır. Xocalı Azərbaycanın Qarabağda yerləşən, 7000 əhalisi olan kiçik və gözəl şəhəri idi. Mən qarabağlıyam və özüm kimi yüzlərlə uşağın həyatını məhv edən bu qətliamın şahidi olanda cəmi 8 yaşım vardı”, - deyə azərbaycanlı alim xalqımızın sağalmaz ağrısını ifadə edib.
Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı, təcavüzkar və terrorçu siyasəti, Xocalıda törətdiyi soyqırımı barədə ətraflı məlumat verən müəllif qeyd edib ki, bu qətliam təkcə azərbaycanlılar üçün deyil, bəşəriyyət üçün tarixin ən dəhşətli faciələrindən biridir: “Təəssüf ki, ədalət hələ də öz yerini tapmayıb. Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanlar, 1990-cı illərin cinayətkar işğalçı rejimi məhkəmə və tarix qarşısında cavab verməlidir”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.infogate.cl/2022/02/21/30-anos-del-genocidio-de-khojaly-que-aun-espera-su-justicia/