Berlində "Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq" mövzusunda seminar olub
Almaniyanın Berlin şəhərindəki “Xarı Bülbül” mədəniyyət evinin nəzdində təşkil olunmuş Ana dili kurslarının yuxarı yaş qrupu müdavimlərinə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri və Almaniya Azərbaycanlıları Alyansının (AAA) idarə heyətinin üzvləri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Seminarda AAA sədrinin müavini Sevda Badaliouri (Qəribova), Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Nurçin Əliyev, müdavim Matias Volf çıxış ediblər. Onlar Xocalı soyqırımı həqiqətlərindən danışaraq, diqqəti Ermənistan silahlı qüvvələrinin məhz azərbaycanlı olduqlarına görə dinc sakinləri kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirdiklərinə yönəldiblər.
Sonra litvalı rejissor Andreas Brokasın və jurnalist Riçard Lapaitisin ərsəyə gətirdikləri “Sonsuz dəhliz” adlı sənədli film nümayiş edilib. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.
Tədbir çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən anım guşəsi təşkil edilib.