...

Qdanskda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil edilib

22.02.2022

Polşanın Qdansk şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib.

Polşa Azərbaycanlıları Şurasının və Qdanskdakı azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə baş tutan aksiya şəhərin qədim hissəsindəki izdihamlı Dluqa küçəsində yerləşən Qdansk Milli Müzeyinin (keçmişdə əsas şəhər Ratuşası binası) önündə gerçəkləşdirilib.

Aksiya zamanı gənc soydaşlarımız Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotoları nümayiş etdiriblər. Yerli sakinlərə qırmızı qərənfillər, ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu QR-kodlu bukletlər və fincanlar paylanılıb. Nəzərə çatdırılıb ki, kod vasitəsilə Xocalı soyqırımına dair ətraflı məlumat əldə etmək mümkündür.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil edilən aksiya yerli sakinlərin böyük marağına səbəb olub.