...

ABŞ-ın Portland şəhərində “İnsanlığa qarşı cinayət” mövzusunda konfrans təşkil edilib

18.02.2022

ABŞ-ın Meyn ştatındakı Portland şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “İnsanlığa qarşı cinayət” mövzusunda konfrans keçirilib.

Azərbaycanlı tələbə Rüstəm Əhmədovun təşəbbüsü və Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə Cənubi Meyn Universitetində (University of Southern Maine) baş tutan konfransda ali təhsil məktəbinin professor-müəllim, tələbə heyəti və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımı və etnik təmizləmə siyasətinin bütün qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Rüstəm və Tərlan Əhmədovlar açaraq, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin törətdiyi Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Erməni silahlılarının vəhşiliyi nəticəsində Xocalıda günahsız insanlar, o cümlədən qadınlar, yaşlılar və körpələr xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb”, - deyə soydaşlarımız nəzərə çatdırıblar.

Tədbirdə əsas məruzəçi qismində amerikalı insan hüquqları müdafiəçisi, Karolina Sülh İnstitutunun icraçı direktoru və həmtəsisçisi Faizal Xan çıxış edib. O, Xocalı soyqırımını əsrin faciəsi adlandırıb, bu qanlı qətliamı XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Holokost soyqırımı, Ruanda, Darfur, Srebrinitsa, Birma müsəlmanların faciələri ilə müqayisə edib. Azərbaycanda olarkən Xocalı faciəsinin canlı şahidləri ilə görüşdüyünü söyləyən məruzəçi öz təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb.

İnsan hüquqları müdafiəçisi Amerika və dünya ictimaiyyətini “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmağa, Xocalı soyqırımı həqiqətlərinin dünyada tanıdılmasına çağırıb.

Məruzəçi ABŞ-ın rəsmi dairələrindən Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanımağı tələb edib.

Konfrans çərçivəsində Xocalı soyqırımını əks etdirən stend nümayiş etdirilib.