...

Nalçikdə “Arşın mal alan” operettası təqdim olunub

16.02.2022

Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası səhnələşdirilib.

Ağır epidemioloji duruma baxmayaraq, Musiqili Teatrda nümayiş etdirilən tamaşa Azərbaycan bəstəkarının yaradıcılığını yüksək qiymətləndirən yerli ictimaiyyətin böyük marağına səbəb olub və anşlaqla keçib. Qonaqlar arasında V.M.Kokov adına Kabardin-Balqar Dövlət Aqrar Universitetinin professoru, “Azəri” Milli-Mədəni Mərkəzinin sədri A.Dadaşov, mərkəzin sədr müavini A.Məmmədov, diaspor fəalları F.Nəbiyev, R.Quliyev və başqaları olub.

Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Roman Dobaqovdur.

Qeyd edək ki, Musiqili Teatrın rəhbərliyi ilə Azərbaycan diasporu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Məhz diasporumuzun təşəbbüsü ilə Musiqili Teatrın rəhbərliyi vaxtaşırı olaraq Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərinə müraciət edir.