...

Gürcüstan mətbuatı azərbaycanlı gənclərin Tələbə Parlamentindəki fəaliyyətindən yazıb

11.02.2022

Gürcüstanın “Sakartvelo Respublika” qəzetində “Azərbaycanlı tələbələr Gürcüstan parlamentində” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndindən olan gənc Elvin Tağıyevin uğurlarından, eləcə də digər azərbaycanlı gənclərin parlamentdəki təmsilçilik fəaliyyətindən, gənclərin beynəlxalq və yerli layihələrdə iştirakının əhəmiyyətindən bəhs olunur.
Bildirilir ki, Gürcüstanın Tələbə Parlamenti 2015-ci ildən ödənişsiz, alternativ və çevik qrafiklə təcrübə təklif edir. Bu, Gürcüstan parlamenti və Müstəqil Uşaq və Tələbələr Birliyi tərəfindən həyata keçirilən irimiqyaslı və uzunmüddətli layihələrdən biridir. Gürcüstan Parlamenti kimi, Tələbə Parlamentində də 15 sektor komitəsi yaradılıb. “Gürcüstanlı tələbələrlə birlikdə” proqramında bu ölkənin müxtəlif etnik qrupları və xüsusilə də azərbaycanlı gənclər iştirak edir.
Qeyd edilir ki, Gürcüstan Texniki Universitetinin Media texnologiyaları və sosial elmlər, mühəndislik, ictimaiyyətlə əlaqələr fakültəsini bitirən Elvin Tağıyev hazırda Aktual.ge Media Məktəbinin jurnalistika ixtisası üzrə kursunun dinləyicisidir.
Gürcüstan Tələbə Parlamentinin “Parlament təcrübə layihəsi”ndə iştirak edən E.Tağıyev “Regional siyasət və özünüidarəetmə komitəsi” adı altında layihədə uğur qazanaraq, Hüquq komitəsinin sədr müavini vəzifəsinə yüksəlib. İkinci mövsümü fərqlənmə diplomu ilə başa vurduqdan sonra isə ona Sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsinə sədrlik təklif olunub.
Azərbaycanlı gənc hazırda Gürcüstan Tələbə Parlamentində Diaspor və Qafqaz məsələləri komitəsinin sədridir. E.Tağıyev bildirib ki, rəhbəri olduğu komitə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə fəal əməkdaşlıq edir.
Məqalənin sonunda Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin 30 illiyi barədə məlumat verilir, iki qonşu, dost və strateji müttəfiqlər arasında yüksək səviyyəli diplomatik əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunur.
Qeyd edək ki, bu yaxınlarda Elvin Tağıyev azərbaycanlı gənclərin Tələbə Parlamentindəki fəaliyyəti ilə bağlı Diaspor TV-yə müsahibə verib. Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://youtu.be/SJVCQttslXQ