...

Daşkənddəki diaspor təşkilatına kitab kolleksiyası hədiyyə edilib

11.02.2022

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümovla görüş keçirilib.

Görüş zamanı milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində əməkdaşlıq məsələləri və gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Mərkəzi ofisi Nurafşan şəhərinə köçürülən Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə qədim tariximizin və zəngin mədəniyyətimizin təbliği üçün əyani vəsaitlər və kitab kolleksiyası hədiyyə edilib.

“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində nəşr olunan kolleksiyada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Heydər Əliyev Fondunun layihəsi əsasında çap olunan vəsaitlər yer alıb. Onların arasında 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımına dair kitablar da olub.

Bundan başqa, diaspor təşkilatına Azərbaycan musiqisinə dair disklər, milli geyimlər və suvenirlər də bəxş edilib.