Finlandiya mediasında gənc musiqiçi soydaşımızın uğurundan söz açılıb
Finlandiyanın https://www.espoo.fi xəbər saytında bu ölkənin Espoo şəhərində yaşayan gənc soydaşımız Aylin Cabbarovaya həsr olunmuş məqalə dərc olunub.
Elli Perttilyanın qələmə aldığı “Məktəb xorundan səsini yazdıran artistliyədək – Aylinin hekayəsi” sərlövhəli məqalədə soydaşımızın peşəkar musiqiçi olmaq arzusundan, 8 yaşında öz dostları ilə birlikdə musiqi qrupu yaratmasından, 12 yaşında olarkən “Səs uşaqlar” (“The Voice Kids”) beynəlxalq musiqi müsabiqəsində uğurlu iştirakından, konsertlərdə çıxışlarından, uzun fasilədən sonra isə pandemiya məhdudiyyətləri dönəmində mahnılar bəstələyib, “Instagram” səhifəsində paylaşmasından, 2021-ci ildə Aylinin səsyazma şirkəti ilə müqavilə imzalamasından, onun məktəb məzunlarına həsr etdiyi “Kun Etikseen sä astut” (“Siz içəri girəndə”) adlı mahnının populyarlıq qazanmasından bəhs edilib. Aylinin ifasında həmin mahnının videosunu https://youtu.be/HUd0xBJuk1Q linki vasitəsilə izləmək olar.
Qeyd edək ki, 19 yaşlı Aylin Cabbarova Azər-Türk gənclər təşkilatının fəal üzvüdür. O, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın övladıdır.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.espoo.fi/fi/uutiset/2022/02/koulun-kuorosta-levyttavaksi-artistiksi-aylinin-tarina