Gürcüstanda Azərbaycan və gürcü dillərində fəaliyyət göstərən saytın rəhbəri: “Hazırda 50 mindən çox auditoriyamız var”
Gürcüstanda iki dildə - Azərbaycan və gürcü dillərində fəaliyyət göstərən İnterPress.ge saytının yaradılmasından iki il ötür. Saytın təsisçisi Nahid Qurbanov İnterPress.ge-nin yaranma ideyası və hədəflərindən danışıb:
- 2011-ci ildə mən Rusiyanın Moskva şəhərinə getdim və dörd il orada yaşadım. Bu illər ərzində mən vətənimdən kənar və xəbərsiz idim, həmin vaxtlar doğulub boya-başa çatdığım Marneuli şəhərində baş verənləri yalnız Marneuli TV vasitəsilə izləyə bilirdim. Ancaq onların verdiyi xəbərlər yetərsiz idi, çünki ancaq Marneulidən xəbər verirdilər. Vətənimə qayədandan sonra “Instagram” sosial şəbəkəsində “Marneuli City” adlı səhifə təsis etdim, bu səhifədə Marneulinin kəndlərinin şəkillərini və tarixi şəkilləri paylaşmağa başladım. Səhifə ən qısa zamanda böyük marağa səbəb oldu, çünki bu bölgədə ilk idi.
Daha sonra Marneulidə fəaliyyət göstərən “Radio Marneuli” ilə əməkdaşlıqa başladıq. Əməkdaşlıq çərçivəsində radionun verlişləri və xəbərləri bizim səhifədə yayımlanırdı, bununla da bölgədə yaşayan azərbaycanlılar daha asan xəbər əldə edə bilirdilər. Bu isə məni daha da xoşbəxt edirdi, çünki mənim yaşadıqlarımı gələcək nəsil yaşamırdı, ölkədə baş verənlərdən xəbərdar olurdular. Bundan sonra mən “Facebook” səhifəsi yaradıb, həmin xəbərləri orada da yaydım. Həmin zamanlar Azərbaycan dilli xəbər portalı yox idi.
2018-ci ilədək heç bir rəsmi statusum yox idi, həmin dövrdə qərar verdim ki, qeyri-hökumət təşkilatı yaradım, rəsmi statusum olsun. 2015-2019-cu illərdə sosial şəbəkələr üzərindən xəbərlər yaymağa davam etdim, 2019-cu ildə yaxın dostum Məltəm Talıbzadə ilə NSA.GE saytı təsis etdik, ancaq sayt bir il fəaliyyət göstərdi, maliyyə sıxıntısı olduğu üçün bağlandı. Bir neçə ay sonra yeni sayt təsis etməyə qərar verdim və 2020-ci il yanvarın 28-dən İnterPress.ge xəbər portalı fəaliyyətə başladı. Əlimdə böyük səhifələr olduğu üçün İnterPress.ge qısa zamanda böyük auditoriyaya sahib oldu. Bundan sonra reklamlarla saytı ayaqda tutmağa başladım. Bir müddət reklamla idarə etdik, ancaq bundan sonra donor təşkilatlara layihələr yazmağa başladıq, bunlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondu oldu. Fonda yazdığım layihə qəbul edildi və fond altı ay müddətində bizə maliyyə dəstəyi verdi.
- ADDF-yə müraciət etmək fikri necə meydana gəldi?
- ADDF-yə müraciət etməyimə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov səbəb oldu. Fuad Muradov Gürcüstanda səfərdə olduğu müddətdə Azərbaycan icması və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir çox görüşlər keçirdi. Görüşümüz zamanı müxtəlif layihələri həyata keçirmək üçün komitəyə və ya Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət etməyi tövsiyə etdi. Beləliklə, mən fonda müraciət etdim.
- Bəs hazırda maliyyə problemlərinizi necə həll edirsiniz?
- Diasporla İş üzrə Dövlət Komitəsi bizə dəstək olmaqda davam edir. Eyni zamanda reklam gəlirlərimiz olur, bir sıra təşkilatlarla əməkdaşlıq etməklə də maliyyə əldə edirik.
- Sayt yaradılarkən hədəfləriniz nə idi? Bu gündən baxanda o hədəflərə nə dərəcədə nail olmusunuz?
- Saytı yaradanda hədəfim Gürcüstanda yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək və problemlərini işıqlandırmaq idi. Əsas hədəflərimdən biri də, sadəcə, Marneulidə deyil, Borçalının bütün bölgələrinə gedib orada yaşayan insanların səsini dövlət qurumlarına çatdırmaq idi. Bu gün bu hədəflərimə nail olmuşam, bu gün İnterPress.ge-nin 50 mindən çox auditoriyası mövcuddur. Saytımızın hazırda 11 əməkdaşı mövcuddur. Komandamız Borçalının hər tərəfinə gedir və orada çəklişlər edir.
- Saytınızın oxucuları kimlərdir? Yalnız Gürcüstan azərbaycanlıları, yoxsa Gürcüstanda yaşayan başqa xalqların nümayəndələri də sizi oxuyur?
- İnterPress.ge iki dildə (Azərbaycan və gürcü) fəaliyyət göstərir. Saytımızı azərbaycanlı və gürcü icmasından başqa Gürcüstanda yaşayan rus, erməni və başqa xalqların nümayəndələri də oxuyurlar. Təbii ki, ya Azərbaycan, ya da gürcü dillərində.
Bundan əlavə, İnterPress.ge-nin nəzdində IP TV mövcuddur. IP TV-də bu günədək bir sıra verilişlər efirə verilir. Bunlardan biri “Uğura Gedən Yol” verilişidir. Bu verilişdə Gürcüstanda yaşayan uğur qazanmış gənclər tanıdılır. Onlar verlişimiz vasitəsilə öz uğurlarından danışaraq, yeni nəsil gənclərə motivasiya verirlər.